Amerikanın “FOX Sports” televiziya kanalı portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsindən sonra Səudiyyə Ərəbistanı Premyer Liqasının qarşılaşmalarının yayımını dayandırmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu qərar liqaya qlobal media və kommersiya layihələri çərçivəsində artıq 2,4 milyard dollar zərər vurub. FOX Sports Səudiyyə Ərəbistanı çempionatının yayımını ləğv edən ilk böyük beynəlxalq yayımçı olub. Qeyd edək ki, Kriştiano Ronaldo “Əl-Nəsr”in son iki oyununda meydana çıxmayıb. Daha əvvəl Portuqaliyanın “A Bola” qəzeti futbolçunun oyunları boykot etməsi ehtimalı barədə məlumat yaymışdı.
Mənbəyə görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klubu idarə etmə üsulundan, xüsusilə də eyni təşkilat tərəfindən idarə olunan rəqib klublarla müqayisədə “Əl-Nəsr”ə münasibətdən narazıdır. Hücumçu hesab edir ki, transfer pəncərəsi zamanı komanda lazımi səviyyədə gücləndirilməyib. 41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi olmaqla yanaşı, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vuran futbolçudur. O, 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə transfer olunub. Karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib. Qeyd edək ki, hazırda “Əl-Nəsr” 20 turdan sonra 49 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Əl-Hilal” isə 50 xalla çempionata liderlik edir.
Niyaz Hacıyev
Sfera.az