Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. O bildirib ki, sənədin ötən ilin dekabr, yanvar, oktyabr və aprel aylarında da imzalanmasına cəhd göstərilib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-nə planlaşdırılıb. Bu fonda Paşinyanın sülh müqaviləsini seçkilərdən əvvəl imzalamaq istəyi suallar doğurur: Azərbaycan referendumdan öncə belə bir addıma razı olarmı və İrəvan niyə məhz indi tələskənlik nümayiş etdirir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, sülh müqaviləsini imzalamağa hazır olan tərəf Azərbaycandır.
Politoloq qeyd edib ki, Azərbaycan bütün planlarını bu istiqamətdə yönəldib:
“Sonralar məlum oldu ki, Ermənistan sülh müqaviləsindən qaçır. İndi isə tələsgənliyə yol verir. Biz bu prosesin xronikasına qayıtsaq, görərik ki, Ermənistanın manevrləri heç də ağılabatan və sağlam deyildi, burada riyakarlıq var idi. Bir yandan Ermənistan başqa qüvvələrin təsirinə düşürdü, Makron və digər siyasətçilərin yedəyində getməyə çalışırdı, bölgəyə avropa təhcizatlarının təkidi ilə guya müşahidəçilər gəldi, Ermənistanda qərar tutdular. Bunların hamısı sülh prosesinin fövqündə olan məsələlər idi ki, Ermənistan bunları əngəlləyirdi. Sonradan Ermənistanda revanşizm meylləri baş qaldırmağa başladı. Bunların hamısı Azərbaycanın diqqətində idi, amma biz tələsmirdik çünki görürdük ki, Ermənistan yanlışlıqlara yol verir, digər tərəfdən də özünü hazırlıqlı kimi göstərməyə çalışırdı. Hətta elə görünürdü ki, guya Azərbaycan Ermənistanın bir ərazisini işğal edib və o sona çatmalıdır. Təbii ki, bunların hamısı siyasi oyunbazlıq idi, onun da heç bir xeyri olmadı”.
T.Abbasov söyləyib ki, sonradan vəziyyət bir qədər duruldu:
"Rəsmi Bakının tələbləri öz yerində qalmışdı. Azərbaycan məsələ qoydu ki, Ermənistan sülh sazişini istəyirsə, “ev tapşırıqlarını” yerinə yetirməlidir. Hələ demək olmaz ki, Ermənistan bu “tapşırığın” öhdəsindən gəlib, çünki biz görürük ki, Nikol Paşinyanın başı daha çox daxildəki ictimai-siyasi proseslərə qarışıb, kilsə ilə münasibətlərdə gərginliklər var, keçmiş hakimiyyət nümayəndələri parlamentdə problem yaradırlar. Ermənistan bunların fonunda gərək həqiqətən sülh prosesinə hazırlığını göstərsin və örtülü məsələlərin üstünə işıq salınsın”.
Politoloq deyib ki, Azərbaycan sülh müqaviləsini forma yox, məzmun etibarilə imzalamaq istəyir:
"Bu, üç günlük sənəd deyil, iki dövlət arasında əsaslı bir sənəd imzalanmalıdır ki, sonrakı münasibətlər də tənzimləsin. İşlər çoxdur. Qəti şəkildə tələsgənliyə yol vermək olmaz. Bir halda ki, Ermənistan təkid edir, deməli bunun altında nəsə var. Siyasi aləmdə xırda-para şeylər yoxdur. Ən xırda nüans belə arxasında başqa trend gətirir. İndi bu vəziyyətə qədər dözülübsə, bir qədər də dözmək olar. Onsuz da son sözü Azərbaycan deməlidir. İlham Əliyev bu işdə bir problem görməsə, sənəd imzalana bilər”.
Firuzə Əliyeva
Sfera.az