Son illərdə Azərbaycanda bankların sayının azalmasından sonra sağ qalan maliyyə institutlarının mənfəətində ciddi artım müşahidə olunur. Konsolidasiya prosesindən sonra bank sektorunun dayanıqlığı güclənib və sistem daha sabit hala gəlib.
Bəs bu müsbət dinamika bankların sayının gələcəkdə də azalacağına işarə edirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, aparılan islahatlardan sonra mənfəətliliyin artması gözlənilən idi:
“Bazarda zəif və maliyyə dayanıqlığı aşağı olan bankların fəaliyyətinin dayandırılması daha güclü oyunçuların mövqeyini möhkəmləndirdi. Lakin hesab edirəm ki, bundan sonra bankların sayının süni şəkildə azaldılması əsas hədəf olmamalıdır. Çünki həddindən artıq konsolidasiya rəqabətin zəifləməsinə, kredit resurslarının bahalaşmasına və maliyyə xidmətlərinə çıxışın məhdudlaşmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tətbiq olunan kapital adekvatlığı tələbləri, likvidlik normalarının sərtləşdirilməsi və mütəmadi stres-testlər sektorun xarici və daxili şoklara qarşı davamlılığını əhəmiyyətli dərəcədə artırıb:
“Problemli kreditlərin idarə olunması və korporativ idarəetmə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması potensial riskləri minimuma endirib. Bu tədbirlər bank sektorunda etibarlılığı təmin edən əsas faktorlardır”.
Asif İbrahimovun sözlərinə görə, növbəti mərhələdə əsas diqqət bankların sayına deyil, onların şəffaflığına və səmərəliliyinə yönəlməlidir:
“İnnovativ bank xidmətlərinin inkişafı və rəqabətliliyin qorunması şərtdir. Hazırkı islahatlar həm maliyyə sabitliyinin qorunması, həm də iqtisadiyyatın real sektorunun davamlı maliyyələşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Fidan Hacızadə
Sfera.az