Məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs şəxsi həyatı və maliyyə vəziyyəti ilə bağlı verdiyi açıqlamalarla yenidən gündəmə gəlib. Sənətçi dələduzluq qurbanı olduğunu və 4 milyon dollar itirdiyini bildirib.




Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tatlısəs "Kanal D"də yayımlanan “Pazar Gezmesi” proqramında İzmirdəki evinin qapılarını media üçün açıb.


 


O, İstanbuldan köçməsinin səbəblərini, İzmirdəki gündəlik həyatını və ailədaxili problemlərini səmimi şəkildə bölüşüb.




“Pulum heç vaxt tükənmir, sadəcə azalır”, – deyən sənətçi fırıldaqçılar tərəfindən 4 milyon dollarının mənimsənildiyini etiraf edib. O, bu hadisədən sonra maliyyə məsələlərində daha ehtiyatlı davrandığını vurğulayıb.




Ailəsi ilə bağlı sərt ittihamlar




Tatlısəs ailə üzvləri haqqında da kəskin fikirlər səsləndirib:




“Qohumun qohuma etdiyini əqrəb belə etməz”, – deyən sənətçi, oğlu Ahmet Tatlının Manisada beş mənzil satdığını, lakin bacı-qardaşlarına pay vermədiyini iddia edib.




Qızı Dilan Çıtak barədə də danışan sənətçi: “Çətinliyə düşəndə İbrahim Tatlısəsin qızı olduğunu xatırlayır, problem olmayanda isə məni tanımır”, – sözləri ilə narazılığını ifadə edib.




Yanğın və "yanan turşular"




Sənətçi İzmirin Narlıdere rayonundakı lüks yaşayış kompleksində baş verən yanğından da söz açıb. Xatırladaq ki, 168 mənzilli binada baş verən yanğın zamanı 40 mənzilə ciddi ziyan dəysə də, Tatlısəsin evi möcüzə nəticəsində ciddi zərər görməmişdi.




Evinin tam təmir olunduğunu deyən sənətçi, maraqlı bir detala da toxunub. O, yanğın zamanı mətbəxdəki 15 banka turşusunun yanmasına çox təəssüfləndiyini bildirib. Turşuya xüsusi sevgisi olan Tatlısəs, sağlam qidalanmağa üstünlük verdiyini qeyd edib.


 


Mənsumə 

Sfera.az