"Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu, ilin sonunadək işğaldan azad olunmuş ərazilərimizdə ümumilikdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir".




Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.




O bildirib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla, bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.




"Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpa və yenidənqurma işləri daxildir. İlkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağını və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir", – deyə millət vəkili qeyd edib.


 


Firuzə Əliyeva

Sfera.az