Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukraynada müharibənin davam etməsində maraqlı olan müəyyən beynəlxalq qüvvələrin hələ də mövcud olduğunu bildirib. O, bu fikri şəxsi “Facebook” hesabında paylaşaraq, münaqişənin uzanmasının bəzi dairələr üçün siyasi və iqtisadi baxımdan sərfəli olduğunu vurğulayıb. Papuaşvilinin sözlərinə görə, müharibənin davamı təkcə region üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi risklər yaradır və proseslərin arxasında dayanan maraqlar diqqətlə araşdırılmalıdır.
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi uzandıqca sülh tərəfdarı olan ölkələrin sayı artıb.
Lakin o, savaşın davam etməsini istəyənlərin hələ də çox olduğunu söyləyib. Onun sözlərinə görə, müharibə vuruşan tərəflər üçün itki deməkdirsə, maraqlı qüvvələr üçün qazanc mənbəyidir:
“Çünki silah-sursat biznesi və digər iqtisadi təlatümlər nəticəsində yaranmış gərginlikdən istifadə edərək leqal, yaxud da qeyri-leqal yollarla gəlir əldə edirlər. ABŞ-ın bu müharibəni bitirmək niyyəti proseslərdən müşahidə olunur. Burada həm Rusiyanın yanında olan, həm də qarşısında olan Avropa ölkələri arasında sözügedən maraqda olanlar var. Müxtəlif əsaslarla savaşın davam etməsini istəyənlər var”.
Politoloq vurğulayıb ki, müəyyən Avropa dairələri bu savaşı uzatmaqla Rusiyanı tam çökdürməyin mümkün olduğunu düşünür:
“Çin və İran isə bu müharibədə həm Rusiya ilə müdafiə sahəsində, həm də iqtisadi dövriyyədən qazanc götürür. Siyasi yöndən də Rusiyanın zəifləməsi bu ölkələr üçün sərfəlidir. ABŞ-ın Rusiya və Ukrayna arasında yaratmaq istədiyi danışıqlar və atəşkəs mühitinə Avropa ölkələri soyuq yanaşır. Bu da savaşın davam etməsində maraqlı olduqlarını deməyə əsas verir”.
Niyaz Hacıyev
Sfera.az