Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanışlıqdan sonra kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış olublar və söhbət ediblər.



Sfera.az dialoqu təqdim edir:



Prezident İlham Əliyev: Salamaleyküm.



Qadın sakin: Salam, xoş gəlmisiniz.



Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.



Digər qadın sakin: Xoş gəlmisiniz.



Prezident İlham Əliyev: Salam.



Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.



Prezident İlham Əliyev: Necə yerləşmisiniz?



Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.



Prezident İlham Əliyev: Sağ olun.



Qadın sakin: Keçin içəri.



Prezident İlham Əliyev: Ev şəraiti necədir?



Kişi sakin: Çox əladır, hər şey əladır.



Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?



Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.



Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.



Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.



Prezident İlham Əliyev: Siz özünüz buralısınız?



Kişi sakin: Bəli.



Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?



Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.



Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?



Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.



Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?



Kişi sakin: Bakıda.



Prezident İlham Əliyev: Şərait necə idi?



Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.



Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?



Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.



Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?



Kişi sakin: Bəli, Qarakənddə idi.



Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?



Kişi sakin: 17 kilometrdir.



Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.



Qadın sakin: Çox sağ olun, minnətdarıq.



Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.



Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.



Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.



Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.



Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.



Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.



Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.



Prezident İlham Əliyev: Bəli, gedək.



Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?



Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.



Prezident İlham Əliyev: Həyətyanı sahə də var?



Kişi sakin: Var, 15 sot torpaq var.



Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.



Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.



Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?



Kişi sakin: İnşallah, olacaq.



Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.



Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.



Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.



Qadın sakin: İnşallah.



Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.



Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.



Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.