Bakıda yerləşən Moskva prospektinin “Şamaxinka” adlanan hissəsində avtomobillərin hərəkətinin təşkilində dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Moskva prospektinin kiçik bir hissəsində kəsişmənin buraxılıcılıq qabiliyyətinin artırılması məqsədilə avtobus zolağı ləğv olunub.
Maraqlıdır, bu kimi dəyişikliklər etməklə tıxacın qarşısını almaq mümkündürmü?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Sfera.az-a açıqlamasında bildirib ki, “Şamaxinka” adlanan hissədə hərəkət yenidən təşkil olunub:
“Bəzi istiqamətlərdə birtərəfli hərəkət, bəzi buna qədər dalan yol kimi görünən hissələr ümumi şəbəkəyə inteqrasiya olunub və hərəkət digər istiqamətdən təşkil olunub. Müəyyən hissələrdə avtobusun ayrılmış zolaqları yenidən təşkil olunub, bəzi hissələr isə ləğv edilib. Düşünürəm ki, bu, həmçinin də ərazidə işıqforların quraşdırılması ümumi nizamlı hərəkətin təşkilinə yönəlik verilmiş qərarlardır. Mərhələli şəkildə axınlar idarə olunmaqla hərəkət təşkil olunub. Şəhərin giriş qapısı sayıldığından, düşünürəm ki, vacib bir qərardır. Bu da ümumi hərəkətə müsbət təsir göstərəcək”.
Ekspert qeyd edib ki, piyadalar üçün də yeniliklər gözlənilir:
“Yaxın zamanlarda eyni səviyyəli piyada keçidlərinin təşkili ilə məsələ öz həllini tapacaq. Fərqli hərəkət iştirakçıları üçün rahat şərait yaradılacaq. Beləliklə bu, insanların prioritetlərində də təsir edəcək. Digər tərəfdən ictimai nəqliyyatın sürətli hərəkəti və ümumi nəqliyyat axınının nizamlı hərəkəti təşkil və təmin olunacaq”.
Niyaz Hacıyev
Sfera.az