Son illərdə rəngli və kosmetik kontakt linzaların istifadəsi geniş yayılsa da, mütəxəssislər onların düzgün istifadə edilmədikdə ciddi göz problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Reseptsiz şəkildə internet üzərindən satılan linzaların gigiyena və tərkib baxımından risk yarada biləcəyi bildirilir.




Sfera.az xəbər verir ki, səhv istifadə edilən kontakt linzalar infeksiyalardan tutmuş daimi görmə itkisinə qədər müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.




Oftalmologiya və göz xəstəlikləri üzrə mütəxəssis professor Dr. Aylin Kılıç rəngli və kosmetik kontakt linzalarla bağlı açıqlamasında bildirib ki, internetdə nəzarətsiz satılan bu məhsullar zərərsiz kosmetik vasitə kimi qəbul edilməməlidir.




Onun sözlərinə görə, linzaların gigiyena qaydalarına uyğun istifadə edilməməsi ciddi fəsadlar yarada bilər:




“Buynuz qişa linza səbəbindən oksigensiz qala bilər, mikroblar linza səthinə asanlıqla yapışa bilər və qeyri-kafi gigiyena ağır buynuz qişa xoralarına səbəb ola bilər”.




Mütəxəssis qeyd edib ki, bəzi hallarda vəziyyət daha da ağırlaşaraq buynuz qişa transplantasiyasına ehtiyac yarada bilər. Reseptsiz satılan rəngli linzalarda olan xlor və digər zərərli kimyəvi maddələrin göz səthinə sızaraq daimi zədələnmə və görmə itkisi yaratma ehtimalı da var.




Professor əlavə edib ki, düzgün istifadə olunmayan linzalar yalnız infeksiyalarla məhdudlaşmır. Bu, katarakta, ikincili qlaukoma və daimi görmə itkisi kimi ciddi problemlərə də səbəb ola bilər. Bəzi hallarda görmə qabiliyyətini qorumaq üçün göz əməliyyatı qaçılmaz olur.




Mütəxəssis həmçinin linzalarla dənizə və ya hovuza girməyin də təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, su ilə təmas zamanı linza ilə buynuz qişa arasında qalan mikroorqanizmlər, xüsusilə Acanthamoeba infeksiyalarına səbəb ola bilər.




Dr. Kılıç şiddətli sancma, işığa baxa bilməmək, qızartı və qəfil bulanıq görmə kimi simptomların ciddi qəbul edilməli olduğunu vurğulayıb:




“Bu simptomlar yaranarsa, dərhal linzanı çıxarın və təcili olaraq oftalmoloqa müraciət edin”.


 


Mənsumə

Sfera.az