Moldova hökuməti Müstəqil Dövlətlər Birliyinin (MDB) əsas müqavilələrinin denonsasiyasını (fəaliyyətini birtərəfli qaydada dayandırmaq) təsdiqləyib. 


 


Sfera.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti müvafiq qərar qəbul edib.




 

Dövlət katibi Sergiu Mixov tərəfindən Nazirlər Kabinetinə təqdim edilən sənədlərdə deyilir:


 


"8 dekabr 1991-ci ildə Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş və 21 dekabr 1991-ci ildə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişə Protokol bununla ləğv edilir. 22 yanvar 1993-cü ildə Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi bununla ləğv edilir".


 


Qərara əsasən, hökumət MDB çərçivəsində imzalanmış bir sıra fundamental sənədlərin ləğvi ilə bağlı təşəbbüsü dəstəkləyib və məsələ parlamentin təsdiqinə təqdim olunacaq. Rəsmi Kişinyov bu addımı ölkənin xarici siyasət kursunun dəyişməsi və Avropa İttifaqı ilə inteqrasiya prosesinin sürətlənməsi ilə izah edir.


 


Moldova hökumətinin nümayəndələri bildiriblər ki, MDB çərçivəsində imzalanmış bir çox sazişlər artıq aktual deyil və ölkənin strateji prioritetlərinə uyğun gəlmir. Bu səbəbdən həmin sənədlərin denonsasiyası ilə bağlı proses mərhələli şəkildə həyata keçirilir.


 


Moldovanın MDB-yə münasibəti Maya Sandu 2020-ci il prezident seçkilərində qalib gəldikdən, Avropa Birliyi ilə inteqrasiya kursunu elan etdikdən və MDB sammitlərində iştirak etməkdən imtina etdikdən sonra dəyişməyə başladı. 2023-cü ilin fevral ayında hökumət MDB daxilində bağlanmış 282 müqavilədən 120-dən çoxunu ləğv etmək planlarını açıqladı. Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkə artıq 70 müqavilədən çıxıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kişinyovun siyasətini ikiüzlü adlandırdı və qeyd etdi ki, Moldova hakimiyyəti Birlikdə iştirakın sosial-iqtisadi faydalarından imtina etməyə tələsmir, eyni zamanda təşkilatdan çıxmaq istədiklərini bəyan edir.




Firuzə Əliyeva

Sfera.az