Yaxın Şərqdə gərginlik hələ də davam edir və müharibənin nə vaxt başa çatacağı sual altındadır. ABŞ Dövlət katibi Marko Rubionun sözlərinə görə, əməliyyatlar plan üzrə gedir və qarşıya qoyulan tapşırıqlar vaxtında və ya vaxtından əvvəl yerinə yetirilir. O, prosesin dərhal bitməyəcəyini vurğulasa da, “bu nə bu gün, nə də sabah olacaq, lakin mütləq baş verəcək” – deyə bildirib.
Rubio həmçinin müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqların aparılması mümkünlüyünü də istisna etməyib.
Bəs Yaxın Şərqdə müharibə nə vaxt bitəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rubionun açıqlamasında diqqətçəkən bir neçə məqam var:
"Məlum olduğu kimi, ABŞ və İsrail 28 fevralda İrana qarşı birgə əməliyyat başladib. İran da cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Rubionun açıqlamasında diqqətçəkən bir neçə məqam var. O bildirib ki, qarşıya qoyulan məqsədlər vaxtında və ya vaxtından əvvəl yerinə yetirilir. Buna baxmayaraq, diplomat məqsədin konkret olaraq nə olduğunu açıqlamayıb. Sual yaranır: Hədəf nə idi? Əgər rejim dəyişikliyi idisə, ABŞ hələ buna nail ola bilməyib. İranı nüvə silahı yaratmaq və uranı zənginləşdirmək ambisiyasından çəkindirmək idisə, Tehran hələ bununla da bağlı geri addım atmayıb.
Doğrudur, müharibə İranı əməlli-başlı "silkələyib". Amma bu, o demək deyil ki, ABŞ "12-dən vurub". Hər halda Vaşinqton Venesuela ssenarisini İranda təkrarlaya bilmədi”.
K.Novruzov qeyd edib ki, Rubio müharibənin bitməsi ilə bağlı konkret tarix açıqlamayıb:
“Görünən odur ki, ABŞ-də hələ bu barədə əminlik yoxdur. Ağ Ev başa düşür ki, bu, heç də tam olaraq onun qərarlarından asılı deyil. Hər halda mümkün atəşkəs və ya sülh üçün İranın münasibəti şərtdir.
Üçüncüsü, o deyib ki, müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqlar aparıla bilər. Belə qənaətə gəlmək olar ki, ABŞ artıq müharibənin çətinliyini hiss edir və İranla danışıqlara can atır.
Digər tərəfdən, müharibənin genişlənmə ehtimalı da istisna deyil. Birincisi, davam edən savaşda iştirak edən kənar qüvvələr də var. Məsələn, Rusiya və Çinin İrana dəstək verdiyinə dair müəyyən məlumatlar mövcuddur. Hər iki ölkənin rəsmi Tehranı dəstəkləməsi və iddiaların doğru olması gözləniləndir. Gələcəkdə bu dəstək güclənə və açıq şəkildə özünü göstərə bilər”.
Siyasi şərhçi əlavə edib ki, tədricən ərəb ölkələri də müharibəyə cəlb edilir. Onun sözlərinə görə, bu, prosesi bir az da mürəkkəbləşdirir:
“Bir sıra dövlətlər müharibənin uzanmasında maraqlıdır. Məsələn, İsrail. Çünki İsrail Baş naziri Benyamin Netanyahu başa düşür ki, onun hakimiyyəti məhz bu müharibələrdən asılıdır. Xalq Netanyahu hakimiyyətinin elədiklərindən bezib. Xüsusilə Qəzzada baş verənlərdən sonra həm daxildə, həm də xaricdə Netanyahunun reytinqi azalıb. Odur ki, rəsmi Təl-Əviv sağa-sola "ət atmaqla" xalqın başını qatır.
Rusiya da müharibənin bitməsini istəmir. Bunun da iki səbəbi var. Birincisi, davam edən savaş nefti bahalaşdırır. Bu da neft ixracatçısı ölkə kimi rəsmi Moskvaya sərf edir. İkincisi, müharibə ABŞ-nin Ukraynaya dəstəyinin azalmasına səbəb olur ki, bu da strateji baxımdan Rusiyaya sərf edir.
Çinə gəldikdə isə bildirməliyik ki, bu dövlət də müharibənin bitməsinə isti yanaşmır. ABŞ-nin mümkün qədər zəifləməsi Çinin maraqlarına uyğundur. Odur ki, hətta indi bunu etmirsə belə, gələcəkdə İrana dəstək göstərməsi mümkündür”.
K.Novruzovun fikrincə, müharibənin tez zamanda başa çatması üçün hər iki tərəfin səmimi səylərinə ehtiyac var. Bundan sonra birgə cəhdlər sayəsində mümkün təxribatların qarşısı alınmalıdır.
Firuzə Əliyeva
Sfera.az