Rusiya rəsmiləri Ermənistanın informasiya və media infrastrukturu sahəsində Qərblə əməkdaşlığını tənqid etməyə davam edir. Moskva hesab edir ki, İrəvanda Qərb ölkələrinin dəstəyi ilə yaradılması planlaşdırılan informasiya mərkəzləri qısa müddətdə müəyyən iqtisadi aktivlik yaratsa da, uzunmüddətli perspektivdə ölkənin iqtisadi və informasiya müstəqilliyinə mənfi təsir göstərə bilər.


 


Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bu layihələrdən Ermənistanın əldə edəcəyi real iqtisadi gəlir məhdud olacaq və nəticədə ölkə xarici informasiya təsirindən daha asılı vəziyyətə düşə bilər.


 


Onun sözlərinə görə, iqtisadi əsaslandırma zəif olduğu üçün sözügedən mərkəzlərin tikintisi regionda balansın pozulmasına və əlavə risklərin yaranmasına səbəb ola bilər.


 


Maraqlıdır, Rusiyanın narazılığının pərdəarxası məqamları nələrdir? Birbaşa müdaxilə ilə Rusiya bu proseslərə mane olacaqmı?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadə Qərb dəstəkli informasiya mərkəzlərinin Rusiya tərəfindən fərqli qarşılandığını deyib:


 



 


“Birincisi, əsas məsələ informasiya təhlükəsizliyi deyil, geosiyasi təsir uğrunda mübarizədir. Ermənistanın Qərb strukturları ilə yaxınlaşması artıq sistemli xarakter alıb və bu, Rusiya üçün strateji itki kimi qiymətləndirilir. Son illərdə Ermənistan həm Avropa İttifaqı, həm də ABŞ ilə əməkdaşlığı genişləndirir və bu proses Moskva tərəfindən İrəvanın təsir zonasından çıxması kimi qəbul olunur. Hətta Kreml açıq şəkildə bildirir ki, Qərbin regionda fəallaşması destabilizasiya yaradır. Bu kontekstdə “informasiya mərkəzləri” əslində Rusiyanın təsirinə alternativ ideoloji və siyasi platformalar kimi görülür. Digər mühüm məqam inteqrasiya sistemlərinin toqquşmasıdır. Rusiya Ermənistanı özünün rəhbərlik etdiyi Avrasiya İqtisadi ittifaqı daxilində saxlamaq istəyir. Overçukun əvvəlki açıqlamalarında da açıq deyilir ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması bu birlikdən uzaqlaşma deməkdir. Yəni məsələ konkret bir layihənin gəlirliliyindən çox, Ermənistanın hansı blokda qalacağı ilə bağlıdır. Hətta Vladimir Putin də açıq şəkildə vurğulayıb ki, eyni anda həm Aİ, həm də Avrasiya İttifaqında olmaq mümkün deyil. Bu isə Moskvanın narahatlığının struktur xarakter daşıdığını göstərir”.


 


Ekspert digər bir faktorun isə təhlükəsizlik və informasiya nəzarəti olduğunu bildirib:


 


“Qərb informasiya mərkəzləri təkcə media və kommunikasiya infrastrukturu deyil, həm də ictimai rəyi formalaşdırmaq alətləridir. Bu mərkəzlər vasitəsilə ictimai rəy formalaşdırmaq, seçki proseslərinə təsir etmək və Rusiyanın narrativlərini zəiflətmək mümkündür. Artıq Rusiya rəsmiləri Avropa İttifaqını sadəcə iqtisadi deyil, “hərbi-siyasi blok” kimi təqdim etməyə başlayıblar. Bu da göstərir ki, Moskva informasiya layihələrini potensial təhlükəsizlik riski kimi görür. Rusiya bu proseslərə birbaşa müdaxiləsinə gəldikdə isə nəzəri olaraq bəli bu mümkündür, amma praktik olaraq isə məhdud şəkildədir. Rusiya Ermənistan üzərində hələ də ciddi iqtisadi və enerji təsirinə malikdir. Məsələn, ticarət, enerji qiymətləri və investisiya axınları vasitəsilə təzyiq rıçaqları mövcuddur. Lakin birbaşa siyasi və ya hərbi müdaxilə ehtimalı aşağıdır.


 


Bunun da iki səbəbi var: birincisi, Rusiya hazırda digər böyük geosiyasi cəbhədə, yəni Ukrayna cəbhəsindədir və indiki halda resursların bölüşdürülməsi Kremlin maraqlarına cavab vermir. İkincisi isə Ermənistan artıq alternativ tərəfdaşlar: Aİ və ABŞ ilə münasibətləri genişləndirərək balans siyasəti yürüdür. Bu isə Moskvanın sərt müdaxilə imkanlarını məhdudlaşdırır. Odur ki, Overçukun açıqlaması iqtisadi arqumentdən çox, Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsi qorxusunun ifadəsidir. Moskva bu prosesi ləngitmək üçün əsasən dolayı alətlərdən, iqtisadi təzyiq, siyasi mesajlar və informasiya mübarizəsindən istifadə edəcək, lakin birbaşa müdaxilə ehtimalı hazırkı şəraitdə aşağı olaraq qalır”.


 


Bəsti Rəfizadə


Sfera.az