Avropa, Asiya və Yaxın Şərq ölkələri Hörmüz boğazının həllində rol oynaya bilər. Bu fikri Fransa Prezidenti Emmanuel Makron Yaponiyanın NHK televiziya kanalına verdiyi müsahibədə bildirib. Fransa Prezidenti Emmanuel Makronun bu açıqlaması problemin qlobal xarakter daşıdığını və yalnız regional güclərlə məhdudlaşmadığını göstərir.
Maraqlıdır, Emmanuel Makronun bu açıqlaması özündə hansı siyasi mesajları ehtiva edir? Bu ölkələrin birgə müdaxiləsi regionda gərginliyi azalda bilər, yoxsa əksinə, daha da artıra bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Emmanuel Makronun bəyanatı son dövrlərdə baş verən münaqişələr fonunda Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin olunması ilə bağlı yanaşmanın bir hissəsidir:
“Bu mövqenin əsas mahiyyəti ondan ibarətdir ki, Fransa birbaşa hərbi müdaxilədən, açıq döyüş əməliyyatlarında iştirakdan və müharibəyə qoşulmaqdan çəkinir. Əvəzində, Paris daha çox çoxtərəfli əməkdaşlığa və diplomatik həll yollarına üstünlük verir. E.Makronun yanaşması yeni təhlükəsizlik çərçivəsinin formalaşdırılmasına yönəlib. Bu çərçivədə təkcə ABŞ deyil, həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələrinin iştirak etdiyi geniş beynəlxalq koalisiyanın yaradılması nəzərdə tutulur. Məqsəd isə ortaq müdafiə mexanizmi qurmaq və məsələyə BMT çərçivəsində yanaşmanı təmin etməkdir”.
Siyasi şərhçi vurğulayıb ki, bu siyasətin arxasında duran əsas səbəblərdən biri enerji təhlükəsizliyidir:
“Son illərdə enerji qiymətlərinin artması Avropa üçün ciddi problemlər yaradıb. Hörmüz boğazı isə dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji marşrut kimi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan həmin marşrutun təhlükəsizliyi və blokadadan kənar qalması həyati önəm kəsb edir. Fransa bu bölgədə güc tətbiqindən daha çox, ümumi razılığa əsaslanan yanaşmanı dəstəkləyir. Məqsəd ölkələrin ortaq məxrəcə gəlməsi, danışıqlar və mümkün sanksiya mexanizmləri vasitəsilə problemin həllinə nail olmaqdır. Bu istiqamətdə Fransa müxtəlif ölkələrlə, o cümlədən İran rəhbərliyi, Yaponiya, Avropa dövlətləri, eləcə də Yunanıstan və Kipr kimi tərəfdaşlarla danışıqlar aparır. Eyni zamanda, Fransa beynəlxalq səviyyədə koordinasiyanı gücləndirmək məqsədilə BMT rəhbərliyi ilə də təmaslar quraraq müəyyən institusional çərçivənin və müvəqqəti təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına çalışır. Bu yanaşma xüsusilə dəniz nəqliyyatında naviqasiya azadlığının təmin olunmasına yönəlib və bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürülüb”.
Niyaz Hacıyev
Sfera.az