Donald Trampın NATO ilə bağlı sərt çıxışları beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Trampın ABŞ-nin bu hərbi-siyasi alyansdan çıxa biləcəyini deməsi təkcə Vaşinqtonun deyil, ümumilikdə Qərb təhlükəsizlik sisteminin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Uzun illərdir ki, NATO ABŞ-nin qlobal təsir alətlərindən biri kimi çıxış edir və onun dağılma ehtimalı və ya zəifləməsi dünya güc balansında köklü dəyişikliklərə səbəb ola bilər. Bu baxımdan, məsələ təkcə bir ölkənin qərarı deyil, beynəlxalq münasibətlər sisteminin gələcəyi kontekstində qiymətləndirilir.




Tramp NATO-nu dəfələrlə “ədalətsiz yük” kimi qiymətləndirərək, ABŞ-nin alyansa digər üzvlərlə müqayisədə daha çox maliyyə və hərbi resurs ayırdığını vurğulayıb. Onun yanaşması klassik siyasi baxışdan çox, iqtisadi və kommersiya maraqları üzərində qurulmuş model kimi dəyərləndirilir. Məhz bu səbəbdən də Trampın NATO ilə bağlı ritorikası həm Avropa paytaxtlarında, həm də beynəlxalq ekspert dairələrində narahatlıqla qarşılanır. ABŞ-nin belə bir addım atıb-atmayacağı və bunun alyansın mövcudluğuna necə təsir edəcəyi isə hələ də açıq qalan əsas suallardandır.




Bəs ABŞ NATO-dan ayrıla bilərmi və bu halda alyansın mövcudluğu sual altına düşərmi?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Trampın bütün baxışları kommersiya yanaşmalarıdır, yeni ideyalar yoxdur.


 


Politoloqun sözlərinə görə, Trampı ən çox maraqlandıran qazancdır:




“Ailə üzvləri onun paylaşımları ilə pul qazanır. Tramp özü də etiraf edir ki, onun tvitləri neftin qiymətinə təsir edir və bundan qazanc əldə edirlər. Bütün zamanlarda siyasi proseslər qazanc üstündə qurulur. NATO-dan çıxmaq Trampa sərf edir. Bu halda ABŞ-nin NATO-ya ödədiyi vəsait öz ölkəsinə qalacaq. Əslində NATO-nun mövcudluğuna da ehtiyac yoxdur. II Dünya müharibəsindən sonra NATO hücum yox, müdafiə ittifaqı kimi yaradılmışdı. Onun indi fəaliyyəti üçün səbəb yoxdur. NATO indi Rusiyanı hədəf seçib”.


 



 


T.Abbasov qeyd edib ki, Trampın atmacaları, fikirləri məqsədlidir. O hesab edir ki, bu cür açıqlamalar NATO-nun özü-özünü buraxmasına səbəb ola bilər:




“NATO özü-özünü buraxsa, dünyada yeni bir atmosfer formalaşa bilər. Mən NATO-nun ləğv ediləcəyinə inanmıram. İndiki şəraitdə yenidən bölgü məsələsi gündəmə gəlib. Fövqəl qüvvələr dünyanı makro zonalara bölüb, onların idarəetməsini özlərində saxlamaq istəyirlər. Belə şəraitdə inanmıram ki, NATO bu cür bir addım atsın. Xüsusilə, burada Böyük Britaniya amili var. Britaniya əvvəlki kimi ABŞ ilə ciddi rəqabətdədir, çalışır ki, ABŞ-dən geri qalmasın. II Dünya müharibəsindən sonra Londonla Vaşinqton arasında daimi mübarizə gedir. Böyük Britaniyanın imperiya kimi dağılmasının da səbəbkarı ABŞ sayılır. 1956-cı ildə Süveyş kanalı ətrafında böhran yarananda, demək olar ki, ABŞ Böyük Britaniya imperiyasını dağıtdı, onu məğlub etdi. O vaxtdan Böyük Britaniya ABŞ ilə rəqabətdədir, çalışır ki, onu zəiflətsin. İran məsələsində də görürük ki, zəif də olsa, ABŞ-yə dəstək vermədi, çalışır ki, onu tək buraxsın”.




Politoloq vurğulayıb ki, NATO öz mövcudluğunun lazımlılığını görürsə, qurumun yenilənməsi üçün fəaliyyətini buna uyğun qurmalıdır:




“Amma indiki şəraitdə NATO-nun əsas üzvləri Almaniya, Fransa və Böyük Britaniya Rusiya ilə açıq qarşıdurmadadırlar və bu üçlük Ukrayna arenasında müharibə aparır, bunu da gizlətmirlər. Tramp nə qədər hədələsə də, onlar NATO-nun mövcudluğunu saxlayacaqlar. Bir çox şey Ukraynada gedən qarşıdurmadan asılı olacaq. Yayın axırına qədər Ukrayna sülh danışıqlarına başlanması üçün Donbası verməli olacaq. Əgər bu olmasa, Zelenski hakimiyyətdən gedə bilər. Çünki ona qarşı müxalifət güclənib. NATO gərək yenilənsin, islahatlar keçirsin, yeni çağırışlara açıq olduğunu göstərsin”.




Firuzə Əliyeva

Sfera.az