Paşinyanın Rusiyaya işgüzar səfəri, əslində təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Ermənistan daxilində formalaşan mürəkkəb siyasi proseslər fonunda xüsusi diqqət mərkəzinə düşüb.
Səfər ölkədə yaxınlaşan parlament seçkiləri ərəfəsinə təsadüf etdiyi üçün həm daxili siyasi balans, həm də Ermənistanın xarici siyasət kursunun gələcək istiqaməti baxımından mühüm siqnallar kimi qiymətləndirilib. Moskva ilə İrəvan arasında son dövrlər müşahidə olunan gərginlik, Ermənistan hakimiyyətinin Qərblə yaxınlaşma siyasəti və regionda dəyişən geosiyasi reallıqlar fonunda keçirilən görüşlər siyasi ekspertlər tərəfindən yalnız diplomatik təmas deyil, eyni zamanda strateji mesajların verildiyi bir mərhələ kimi dəyərləndirilib.
Bu səbəbdən Paşinyanın Rusiyaya səfəri həm regional proseslərə mümkün təsirləri, həm də Ermənistanın daxili siyasi gündəminə təsiri baxımından bəzi sualları doğurub.
Maraqlıdır, bu səfər Ermənistan daxilində formalaşan seçkiqabağı siyasi proseslərə real təsir göstərə bilərmi?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri faktiki olaraq seçkiqabağı bir səfər idi və Paşinyan Putinin qarşısında əzilmədi:
“Ümumiyyətlə, Putinlə keçirilən görüşdə verilən açıqlamalar və müzakirə edilən mövzuların hamısı Ermənistandakı növbəti parlament seçkilərinin nəticələrinə təsir göstərəcək məzmun daşıyırdı. Məsələ ondadır ki, Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı bacardığı qədər aşağılamağa cəhd göstərdi. Paşinyanı və Ermənistanı təhdid etməyə, təzyiq göstərməyə çalışdı. Ancaq ümumi mənzərə belə oldu ki, Rusiya prezidenti təhdid etdi, Paşinyan isə müqavimət göstərdi. Belə ki, Prezident Putin 7 milyarda yaxın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac olunduğuna eyham vurdu. Bu da o deməkdir ki, Kreml sahibi Ermənistanı həmin 7 milyardlıq kənd təsərrüfatı məhsulunu almamaqla təhdid etdi və bu da təbii ki, belə bir addım atılarsa, Ermənistanın iqtisadiyyatı üçün sarsıdıcı zərbə olardı. Paşinyan bunun qarşısında geri çəkilmədi və digər tərəfdən Kreml sahibi Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiyanı dəstəkləyənlərin, hətta Rusiya pasportu olan şəxslərin iştirakına imkan yaradılmasını istədi. Bu da Rusiyanın Ermənistandakı seçkilərə birbaşa müdaxilə niyyətini biruzə verirdi. Ancaq erməni baş nazir Ermənistanın demokratik ölkə olduğunu açıq şəkildə vurğulayaraq, Putinə etiraz etdi və bildirdi ki, seçkilərdə yalnız Ermənistan pasportu olanlar iştirak edəcək. Bu da onu göstərir ki, Paşinyan Rusiyaya bildirmək istəyir ki, Ermənistan artıq Rusiyanın quberniyası deyil”.
Politoloq Ermənistanın Qarabağ mövzusu üzərindən Rusiyaya siyasi mesaj ötürdüyünü də vurğulayıb:
“Ermənistan Kreml sahibinə mesaj verdi ki, Cənubi Qafqazda manipulyasiyaların edilməsi artıq yolverilməzdir və Azərbaycanla Ermənistan arasında sülh prosesi iqtisadi, ticari münasibətlərin önünün açılmasına qədər inkişaf edib və Rusiya bu məsələyə qarışmamalıdır. Paşinyan bunun da açıq mesajını verdi. Təbii ki, bu, qətiyyən Rusiya siyasi dairələrinin məmnun olacağı məsələ deyil. Ona görə də Putin Paşinyanı sonuncu dəfə xəbərdarlıq xarakterli təhdidlə çıxış edərək bildirdi ki, dünya bazarlarında 600 dollara satılan təbii qazı Rusiya Ermənistana 177 dollara satır. Bununla da eyham vurdu ki, bu qazın qiymətlərini dünya bazarlarındakı qiymətlərə uyğunlaşdıra bilər. Bu isə Ermənistan üçün olduqca ağır bir təhdiddir. Ancaq bütün bunlara baxmayaraq, müşahidələr onu göstərir ki, Paşinyan Putinin qarşısında geri çəkilmədi. Bacardığı qədər müqavimət göstərdi və belə anlaşılır ki, seçkilərdə qalib gələcəyi təqdirdə Paşinyan Ermənistanın Qərblə yaxınlaşma siyasətini davam etdirmək niyyətindədir.
Böyük ehtimalla, əgər qalib gələrsə, Paşinyan Azərbaycanla yekun sülh sazişinin ən qısa zamanda imzalanmasına nail olmağa çalışacaq və buna paralel olaraq Zəngəzur dəhlizinin açılması üçün daha effektiv addımlar atmağa çalışacaq. Bu da o deməkdir ki, erməni seçicisi hazırda ölkəsinin gələcək taleyi ilə bağlı strateji seçim qarşısındadır. İndi belə görünür ki, Ermənistan vətəndaşlarının qarşısında cəmi iki seçim qalıb. Bunlardan biri Ermənistanın inkişafı üçün müəyyən perspektivlər aça biləcək Qərbə yaxınlaşma siyasəti, digəri isə yenidən Rusiyanın quberniyasına çevrilmə dövrünə geri qayıtmaq siyasətidir. Buna görə də seçkilərdə bu iki siyasi-ideoloji xətt arasında ciddi mübarizə gedəcək. Əgər Paşinyan hakimiyyəti seçkilərdə qalib gələrsə, Ermənistan Qərbə inteqrasiya, qonşularla münasibətlərin normallaşdırılması, iqtisadi və ticari əlaqələrin qurulması istiqamətində addımlar atacaq və bu da Ermənistanın inkişafı üçün geniş imkanlar aça bilər, ölkə blokadadan çıxmaq şansı qazanar. Əgər Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin təmsilçiləri olan siyasi qüvvələr qalib gələrsə, o zaman Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq və Rusiyanın qaranlıq tunelinə düşmək təhlükəsi ilə üzləşəcək”.
Bəsti Rəfizadə
Sfera.az