Avropanın yeraltı qaz anbarlarından mart ayında qaz çıxarılması son yeddi ilin ən aşağı səviyyəsində qeydə alınıb. Regionda qaz ehtiyatlarının doluluq səviyyəsi 28 faizdən aşağı enib.
Hesablamalara görə, mart ayında Avropa anbarlarından çıxarılan qazın həcmi 5,7 milyard kubmetr təşkil edib. Bu göstərici son yeddi ilin minimumu hesab olunur. Eyni zamanda, anbarlara vurulan qazın həcmi rekord səviyyəyə çataraq 3,4 milyard kubmetr olub. 2026-cı ilin mart ayının sonunda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 28 faizdən aşağı düşüb.
“Qazprom” daha əvvəl proqnoz verib ki, Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar növbəti istilik mövsümünə qədər 70 faiz səviyyəsinə çatmaya bilər.
Ekspertlər hesab edir ki, Aİ ölkələri yaxın aylarda yeni qaz vurma mövsümünə başlayarkən qlobal LNG bazarında rəqabətin artması qiymətlərin yüksəlməsi riskini artıracaq.
Bu proses davam edərsə, Azərbaycana necə təsir edəcək? Qazın qiymətlərində dəişiklik olacaqmı?
Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə əsasən, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı düşməsi və qaz çıxarılmasının azalması, Avropa üçün təklifin azalması deməkdir.
Ekspert bu prosesin enerji balansında müəyyən boşluqların yaranmasına gətirib çıxardığını və xüsusilə qış mövsümünə hazırlıq fonunda enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdiyini qeyd edib:
“Belə şəraitdə Avropa ölkələri alternativ mənbələr axtarmağa və mövcud təchizatçılarla əməkdaşlığı genişləndirməyə daha çox maraq göstərir. Nəticə etibarilə, bu vəziyyət qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb ola bilər və qaz bazarında rəqabəti daha da gücləndirə bilər. Azərbaycanın ixrac etdiyi təbii qaz əsasən Avropaya yönəldiyi üçün qiymətlərin artması ölkəyə əlavə gəlir gətirə bilər. Enerji qiymətlərinin yüksəlməsi ixrac gəlirlərinin artmasına, dövlət büdcəsinə daxilolmaların çoxalmasına və enerji sektoruna yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq”.
İqtisadçı Avropada qaz ehtiyatlarının minimuma enməsinin Azərbaycana müsbət təsir göstərəcəyini bildirib:
“Avropanın daha çox qaz almağa ehtiyacı yaranarsa, Azərbaycanın ixrac imkanları genişlənəcək, mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması məsələsi aktuallaşa və yeni uzunmüddətli müqavilələrin bağlanması üçün real imkanlar formalaşacaq. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək. Lakin qiymətlərin dalğalanması bazarda qeyri-sabitlik də yarada bilər. Enerji bazarları geosiyasi proseslərə, iqlim şəraitinə və qlobal iqtisadi dinamikanın dəyişməsinə həssas olduğu üçün uzunmüddətli planlaşdırma risklərlə müşayiət olunur. Buna görə planlaşdırma və strateji qərarlar daha diqqətlə aparılmalı, ixrac siyasəti bazar şərtlərinə uyğun çevik şəkildə tənzimlənməli və gəlirlərin davamlılığını təmin edən balanslı enerji strategiyası formalaşdırılmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az