Bakının mərkəzində, paytaxt sakinləri və qonaqlar üçün xüsusi mənəvi dəyər daşıyan Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi hadisəsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
İtalyan mənşəli "graffiare" (qaşımaq) sözündən götürülən qraffiti ictimai yerlərdə divarların boyanması və ya cızılması ilə müşayiət olunan bir fəaliyyət növü olsa da, tarixi binalar kontekstində bu, birmənalı olaraq vandalizm aktı kimi qiymətləndirilir. Hadisəni törədən 16-20 yaş aralığındakı dörd gənc A.S, L.M, Ş.Q və M.B artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda Polis İdarəsində valideynlərin iştirakı ilə həmin gənclərlə profilaktik işlər aparılır, eyni zamanda tarixi binaya dəyən ziyanın məbləği müəyyənləşdirilir və müvafiq hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam edir.
Sfera.az bildirir ki, bu hadisə sadəcə bir divarın rənglənməsi deyil, şəhərin estetik ruhuna və mədəni irsinə qarşı hörmətsizlik nümunəsidir.
Bu, Bakıya yaddır...
Qərb ölkələrinin bəzi böyük şəhərlərində qraffiti geniş yayılan bir hal olsa da, həmin məkanlarda belə bu təcrübə tez-tez binaların görkəmini pozan, küçələri eybəcərləşdirən bir problem kimi qəbul edilir. Avropa və ABŞ-nin bir çox tarixi mərkəzlərində qraffiti ilə örtülmüş binalar şəhərin ümumi cəlbediciliyinə böyük zərbə vurub. Lakin Bakı üçün bu cür "mədəniyyət" tamamilə yaddır və qəbuledilməzdir. Paytaxt özünəməxsus arxitekturası, yüksək səviyyəli təmizliyi və estetik gözəlliyi ilə dünya miqyasında tanınan, parlayan bir incidir. Son illərdə paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və bərpa işləri Bakını dünyanın ən təmiz şəhərlərindən birinə çevirib. Dövlətin və şəhər sakinlərinin bu gözəlliyi qorumaq üçün sərf etdiyi böyük əmək və vəsait qarşısında belə bir davranış nümayiş etdirmək həm mədəni irsə, həm də ictimai əməyə qarşı açıq-aşkar məsuliyyətsizlikdir.
Bakı təkcə paytaxt deyil, həm də zəngin tarixə, mədəniyyətə və memarlıq irsinə sahib bir şəhərdir. Onun küçələri, binaları və abidələri bu xalqın keçmişini, kimliyini və estetik baxışını əks etdirir. Bu səbəbdən hər bir vətəndaş anlamalıdır ki, şəhərə vurulan ən kiçik zərər belə ümumi dəyərlərə qarşı edilmiş hörmətsizlikdir. Paytaxtın simasını qorumaq isə yalnız dövlət qurumlarının deyil, hər bir fərdin ortaq borcu və mənəvi məsuliyyətidir.
Hər şey evin daxili divarından başlayır...
Bu hərəkət həm də gənclərin vətəndaşlıq tərbiyəsi və sosial məsuliyyət hissinin aşağı olmasının göstəricisidir. Buna görə də valideynlərin üzərinə böyük məsuliyyət düşür. Onlar övladlarının davranışlarına nəzarəti artırmalı, onlara şəhərin estetik dəyərlərini qorumağın bir vətəndaşlıq borcu olduğunu aşılamalıdırlar. Bakının hər bir küçəsi, hər bir daşı bizim Azərbaycan vətəndaşının qürur mənbəyidir. Tarixi binaların divarlarına vurulan hər bir ləkə, əslində şəhərin simasına və hər azərbaycanlının mənəviyyatına vurulan zərbədir. Cəmiyyət olaraq bu cür vandalizm hallarını qətiyyətlə qınamalı, paytaxtın estetik görüntüsünə xələl gətirən hər hansı bir hərəkətin qarşısını almaq üçün ayıq-sayıq olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Şəhəri qorumaq təkcə aidiyyəti qurumların deyil, bu şəhərdə yaşayan hər bir şəxsin mənəvi vəzifəsidir.
Bu kimi halların qarşısının alınması üçün yalnız inzibati tədbirlərlə kifayətlənmək uzunmüddətli həll yolu hesab edilə bilməz. Əsas məsələ cəmiyyət daxilində estetik zövqün, şəhər mədəniyyətinin və ictimai məsuliyyət anlayışının formalaşdırılmasıdır. Xüsusilə gənc nəsil arasında şəhər mühitinə münasibət, ictimai əmlaka hörmət və mədəni irsə bağlılıq kimi dəyərlərin təbliği sistemli şəkildə aparılmalıdır.
Turizmə zərbə...
Nizami Kino Mərkəzi yalnız bir bina deyil, Bakının mədəni simvolu, şəhərin ruhunu əks etdirən və tarixi-mədəni dəyərlərimizin bir hissəsi olan məkandır. Buraya vurulan hər bir qraffiti, estetik baxımdan olduğu qədər, həm də şəhərin mədəni irsinə, tarixə və milli kimliyinə zərbədir. Tarixi binaların qorunması yalnız vizual gözəlliyi saxlamaq üçün deyil, həm də turizm potensialını artırmaq, şəhərin dünya miqyasında tanınan simasını qorumaq və gələcək nəsillərə mədəniyyətimizi çatdırmaq baxımından həyati əhəmiyyət daşıyır.
Bəsti Rəfizadə
Sfera.az