“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti son dövrdə 10,89 ABŞ dolları və ya 8,33 % artaraq 141,68 ABŞ dollarına çatıb. Bu göstərici Azərbaycanın neft bazarındakı önəmli rolunu bir daha təsdiqləyir və ölkənin enerji ixracatından əldə etdiyi gəlirlərin artmasına işarə edir.
Xatırladaq ki, “Azeri Light” neftinin tarixdə ən yüksək qiyməti 2008-ci ilin iyul ayında qeydə alınmışdı. Həmin dövrdə bir barel “Azeri Light” neftinin qiyməti 149,66 ABŞ dolları olmuşdu. Bu rekord göstərici o vaxtki qlobal iqtisadi və geosiyasi vəziyyətlə bağlı idi.
Həmin illərdə qlobal enerji bazarlarında neftə tələbin artması və təklifin məhdud olması, eləcə də müxtəlif regional geosiyasi hadisələr qiymətlərin yüksəlməsinə səbəb olmuşdu. Hazırkı qiymət 141,68 ABŞ dolları bir barel üçün “Azeri Light” neftinin dünya bazarında önəmli mövqeyini və Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətini bir daha nümayiş etdirir.
Azərbaycan neftinin qiymətində rekordun bir daha yenilənməsini gözləyə bilərikmi?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Elman Sadıqovun fikrincə, 2008-ci ildə dünyada baş verən proseslərlə, hal-hazırki dünyada gedən iqtisadi, siyasi məsələlər tamamilə fərqlidir. Onun sözlərinə görə, nəticə eyni olsa da (rekord qiymətlər), səbəblər fərqlidir:
“Oxşar bir səbəbi isə 2022-2023-cü illərdə gördük. Rusiya-Ukrayna müharibəsi dövründə neft və qaz qiymətləri yenidən artmışdı. Bu, Rusiyadan alınan neft və qazın kəsilməsi ilə bağlı idi və dünyada tamamilə yeni bir vəziyyət formalaşmağa başlamışdı. Həmin dövrdə müharibə səbəbindən təyyarə benzininə olan tələb artdı. Çünki təyyarə benzini hər neftdən alınmır. Bildiyimiz kimi, yüngül neftdən hazırlanır və bu, Azərbaycan və Küveyt neftidir. Buna görə də Azərbaycan neftinin, yəni “Azeri Light” markalı neftin qiyməti 2022-2023-cü illərdə də yüksək səviyyəyə çatmış, hətta bir ara 120 dolları keçmişdi”.
Ekspert hazırkı vəziyyətin də həmin dövrlə eyni olduğunu qeyd edərək, kerosinə, yəni təyyarə nefti üçün tələbatın yüksək olduğunu qeyd edib:
“Buna bir sıra səbəblər daxildir. Birincisi, hərbi əməliyyatlar daha çox təyyarələr vasitəsilə həyata keçirilir və onlar yüksək həcmdə benzin, daha doğrusu kerosin sərf edirlər. İkincisi, təyyarə yanacağı üçün istifadə olunan neft yüngül və kükürdsüz olmalıdır. Bu, “Azeri Light” nefti ilə yanaşı, daha böyük həcmdə Küveyt neftinə aiddir. Küveyt neftinin istehsalı isə zavodların partladılması və ya dron hücumları səbəbindən aşağı düşüb. Hörmüz boğazı ətrafındakı hadisələr və tədarük zəncirindəki qırılmalar da qiymətlərin artmasına təsir göstərib. Səbəblər çoxdur və bunları sadalamaqla bitirmək olmaz. Məsələn, enerji ehtiyatlarına baxsaq, görürük ki, neft idxal edən ölkələr strateji ehtiyatlarını toplayırlar. Ən yüksək ehtiyatlar hal-hazırda Yaponiyadadır. Amma xam neft üzrə ehtiyatlar 8-9 aylıqdır, kerosin üzrə isə hətta 30 aya qədərdir. Digər ölkələrdə isə bu ehtiyatlar aşağıdır; məsələn, Britaniya və Avropa ölkələrində 1-2 ay civarındadır. Dizel üzrə isə ehtiyatlar nisbətən yüksəkdir. Yəni neft və neft məhsullarının strateji ehtiyatları ölkədən ölkəyə fərqlidir. Bu nə deməkdir? Bir ölkə deyir ki, mən 3-9 ay ərzində neft almasam, öz ehtiyatım kifayət edəcək. Hər bir ölkənin strateji tələbi fərqlidir və onların topladıqları ehtiyatlar imkanlarına bağlıdır. Hal-hazırda Afrika və Asiya ölkələri, məsələn, Banqladeş, Filippin, hətta Pakistan ciddi problemlərlə üzləşiblər, çünki strateji ehtiyatları aşağıdır. Kerosin ehtiyatları da azdır, bir çox Avropa ölkələrində və neft idxal edən ölkələrdə ehtiyatlar bir aylıq həcmdədir. Ona görə də onlar ehtiyatlardan istifadə etmirlər, bazardan alırlar və kerosinin qiyməti daha da artır. Kerosin həm hərbi əməliyyatlarda, həm də avia xətlərdə, yəni təyyarələrin uçuşlarında istifadə olunur. Tələb həm müharibə səbəbindən, həm də uçuşların artması ilə bağlıdır”.
E.Sadıqov Trampın çıxışına da toxunaraq, aprel ayının həlledici və çox qızğın ay olacağını qeyd edib və müharibənin şiddətlənməsi baxımından bu ayın çox önəmli rol oynayacağını bildirib:
“Buna görə də mən “Azeri Light” markalı neftin yeni rekord vuracağını gözləyirəm və qiymət 150 dollar ətrafına qalxacaq. Amma bunu deyirəm ki, neftin qiymətinin yüksəlməsi bizim üçün müsbət amildir. Biz iqtisadi mənfəət əldə edirik. Həm büdcə gəlirləri, həm də valyuta axını baxımından. Düşünürəm ki, bu dəfə keçmiş təcrübələri nəzərə alaraq, iqtisadiyyatın digər sahələrinə daha səmərəli yönəldiləcək”.
Bəsti Rəfizadə
Sfera.az