Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji marşrutları üzərində nəzarət uğrunda rəqabət beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə dünya neft ticarətinin mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal iqtisadiyyat və təhlükəsizlik baxımından ciddi narahatlıqlar doğurur. Bu strateji əhəmiyyətli su yolunda istənilən məhdudiyyət və ya birtərəfli addım beynəlxalq hüquq normalarına və ticarət balansına birbaşa təsir edə bilər.




Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt bildirib ki, beynəlxalq ictimaiyyət İranın Hörmüz boğazı üzərində gəmiçiliyə birtərəfli nəzarətini qəbul edə bilməz.




Bəs Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunması üçün hansı addımlar atılmalıdır?




Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana hücumu nəticəsində İranın asimmetrik savaş aparacağı bəlli idi.


 


İran hazırkı addımları ilə Vaşinqtona qarşı həm qlobal təzyiqlər formalaşdırmaq, həm də daxili təzyiqləri gücləndirmək üçün effektiv gedişlər edib. Onun fikrincə, bu addımların başında Hörmüz boğazının bağlanması dayanır:




“Hörmüz boğazının bağlanması ilə qlobal neft qiymətləri kəskin şəkildə artdı. Tramp Avropa İttifaqının, həmçinin NATO-da müttəfiqi olan dövlətlərin üzərinə təzyiq göstərərək Hörmüz boğazının açılması məsuliyyətini onların üzərinə qoymağa çalışır. Və bunu onunla əsaslandırır ki, Hörmüz boğazından daşınan neftin çox cüzi hissəsi ABŞ-yə gedir. Bu doğrudur. Amma boğazın bağlanması qlobal neft qiymətlərinə təsir edir ki, bu da avtomatik olaraq ABŞ daxilində yanacağın qiymətinin artması deməkdir. Halbuki Tramp istər seçki kampaniyasında, istərsə də inauqurasiya mərasimində inflyasiyanı dayandıracağı və bunun üçün enerji daşıyıcılarının qiymətini aşağı salacağı vədini verib”.


 





Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ cəmiyyəti ilə siyasi istiqamətlərdə manipulyasiya etmək mümkündür:




“Necə ki, Tramp xalqa müraciəti zamanı, seçki ərəfəsində olduğu kimi, bu taktikadan yararlanmağa çalışdı. Amma ABŞ seçicisinin düşüncəsi daha çox iqtisadi vəziyyətin onun cibinə necə təsir etməsi ilə formalaşır. Hazırda ABŞ-də yanacağın qiyməti kəskin bahalaşıb və bu səbəbdən inflyasiya daha da artıb. ABŞ seçicisi də bunun səbəblərini araşdıranda görür ki, Tramp Amerikasının İsraillə birgə İrana hücumu nəticəsində Hörmüz boğazı bağlanıb; nəticədə onlar yanacaq və qida üçün daha çox pul xərcləməli olurlar. Belə olduğu halda isə İran rəhbərliyinin öldürülməsi, yaxud İran donanmasının məhv edilməsi ritorikası ABŞ xalqı üçün keçərli olmayacaq. Vəziyyət belə davam edərsə, Trampa qarşı daxili təzyiqlər güclənəcək. Məhz buna görə də Tramp ABŞ xalqına qələbə mesajı verərək təcili atəşkəsin əldə olunmasına çalışır”.




Əli Zülfüqaroğlu həmçinin əlavə edib ki, digər tərəfdən, istər Avropa İttifaqı, istərsə də onlarla müttəfiq olan demokratlar Tramp Amerikasının bu müharibədən qalib ayrılmasını istəmir və nəzarətlərində olan transmilli media vasitəsilə ciddi təbliğat aparırlar:




“Çin və Rusiyanın da İrana dəstəyini nəzərə alsaq, real mənzərəni təsəvvür etmək mümkündür. Britaniyanın ABŞ-nin maraqlarına uyğun olmayan mövqeyi, İspaniya, Fransa və Trampın müttəfiqi olan İtaliyanın hava məkanlarını ABŞ-yə bağlaması Trampın küncə sıxışdırılması məqsədi daşıyır. Buna görə də Tramp sözəbaxan ərəb liderlərinə təzyiq etməklə onları müharibəyə qoşmağa və İranı Hörmüzlə bağlı güzəştlərə məcbur etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, hazırda vəziyyət çoxtərəfli xarakter aldığı üçün İranın Hörmüzlə bağlı təkbaşına qərar verəcəyi ehtimalı azdır. Həm ABŞ daxilindəki müxalif qüvvələr, həm də Aİ və Çin Vaşinqtonun daha dərin bataqlığa sürüklənməsi üçün çalışır. Məhz buna görə də Tramp İranı elektrik stansiyalarını vurmaqla təhdid edir; hesab edirəm ki, bu, son çarədir. Belə bir addım isə həm tərəflər, həm də bölgə üçün fəlakət deməkdir”.




Niyaz Hacıyev

Sfera.az