Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda dünya enerji və ticarət marşrutları ilə bağlı narahatlıqlar daha da dərinləşib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə “İran artıq Hörmüz boğazını bağlayıb” iddiası beynəlxalq gündəmdə rezonans doğurarkən, indi diqqətlər daha bir strateji keçid nöqtəsinə – Babülməndəb boğazına yönəlib. Müzakirələrdə bildirilir ki, Hörmüz boğazından sonra Yəmənlə Afrika arasında yerləşən Babülməndəb boğazının da blokadaya alınması ehtimalı qlobal dəniz ticarəti üçün son dərəcə ciddi nəticələr yarada bilər. Bu iki strateji boğazın eyni vaxtda fəaliyyətini itirməsi beynəlxalq logistika sistemində dərin böhrana səbəb ola bilər.


 


Qeyd olunur ki, Asiya ilə Avropa arasında hərəkət edən gəmilərin böyük əksəriyyəti Süveyş kanalına çatmaq üçün məhz Babülməndəb boğazından keçməyə məcburdur. Bu səbəbdən sözügedən marşrutun bağlanması Süveyş kanalının effektiv istifadəsini faktiki olaraq mümkünsüz hala gətirə bilər. Məsələnin diqqət çəkən tərəfi isə İranın Babülməndəb boğazına birbaşa nəzarət etməməsinə baxmayaraq, Yəməndəki husilər vasitəsilə bu əraziyə təsir imkanlarının olması ilə bağlı səsləndirilən iddialardır. Bu isə regiondakı təhlükəsizlik risklərini daha da artırır.


 


Analitiklər hesab edirlər ki, belə bir ssenari reallaşarsa, ən böyük zərbələrdən birini Misir ala bilər. Çünki Süveyş kanalının fəaliyyətsiz qalması ölkənin əsas gəlir mənbələrindən birinin ciddi şəkildə zəifləməsi deməkdir. Eyni zamanda, beynəlxalq gəmiçilik şirkətləri alternativ olaraq Afrikanın cənubundan keçən Ümid burnu marşrutuna yönəlməli olacaqlar. Bu marşrut isə həm məsafəni, həm də daşınma xərclərini əhəmiyyətli dərəcədə artırır. Məlumatlara görə, Ümid burnu üzərindən hərəkət edən gəmilər üçün səyahət müddəti marşrutdan asılı olaraq əlavə 10-18 gün uzana bilər. Bu da qlobal təchizat zəncirində gecikmələr, enerji qiymətlərində artım və beynəlxalq ticarətdə əlavə təzyiq deməkdir. Müzakirələrdə dünyanın üç ən böyük gəmiçilik şirkətinin belə bir vəziyyət qarşısında verə biləcəyi ehtimal olunan reaksiyalara da toxunulur.


 


Qeyd edilir ki, bu cür geosiyasi risklər dəniz daşımalarında sığorta xərclərinin yüksəlməsinə, marşrut dəyişikliklərinə və yükdaşıma qiymətlərində yeni bahalaşma dalğasına yol aça bilər. Yaxın Şərq və Afrika xəritəsi üzərində aparılan təhlillər isə həm Hörmüz, həm də Babülməndəb boğazlarının qlobal enerji və ticarət sistemində nə qədər kritik rol oynadığını bir daha ortaya qoyur.


 


Fidan Hacızadə


Sfera.az